
Avtomobil Səyyar Klinikasının tibbi aksiyası 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində həyata keçirilib.
18 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin Avtomobil Səyyar Klinikasının tibbi aksiyası 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində həyata keçirilib.
Aksiya çərçivəsində 50-yə yaxın uşaq oftalmoloji müayinədən keçib. Aparılan müayinələr zamanı miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb.
Müayinə zamanı ehtiyacı olan uşaqlara təmənnasız dərman vasitələri təqdim edilib ki, bu da onların sağlamlığının qorunmasına mühüm töhfə verib.
Tədbir çərçivəsində Novruz Bayramı münasibətilə uşaqlar üçün xüsusi şənlik və bayram süfrəsi və sovqatlar təşkil edilib. Keçəl və Kosa personajlarının iştirakı ilə keçirilən bu tədbir uşaqlara sevinc bəxş edib və bayramın ənənəvi ruhunu yaşadıb. Rəngarəng dekorasiyalar, bayram mahnıları və əyləncəli oyunlarla müşayiət olunan bu şənlik uşaqlar üçün unudulmaz anlar yaradıb. Onlar Novruzun əsas atributları olan səməni, boyanmış yumurtalar və şirniyyatlarla bəzədilmiş süfrə ətrafında toplaşaraq bayramın ruhunu hiss ediblər.
Bu cür sosial tədbirlər, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlar üçün, onların cəmiyyətə inteqrasiyasını asanlaşdırır, sosial bacarıqlarını inkişaf etdirir və bayramın sevincini hiss etmələrinə şərait yaradır. Eyni zamanda, onlara diqqət və qayğı göstərildiyini hiss etdirərək, özlərini dəyərli və əhəmiyyətli hiss etmələrinə kömək edir. Belə tədbirlər onlarda özlərinə inam hissini gücləndirir və xoş xatirələr bəxş edir. Bayramın kollektiv şəkildə qeyd edilməsi onların bir-biri ilə daha yaxından tanış olmasına, dostluq münasibətləri qurmasına və sosial adaptasiyasına töhfə verir.
1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Səvinc Məlikova göstərilən dəstəyə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov və kollektivinə təşəkkürünü bildirərək, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Leyla Əliyeva və dr. Aynur Ağayeva tərəfindən həyata keçirilib. Aksiyada həmçinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Abdıyeva Yazgül, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və Təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova iştirak ediblər.
Həmçinin qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası təkcə paytaxt deyil, regionlarda həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tibbi aksiyalarını davam etdirir. Bu aksiyalar çərçivəsində ehtiyacı olan insanlara pulsuz müalicə, eynək və dərman vasitələri təqdim edilir. Məqsəd, regionda yüksək səviyyəli tibbi xidmətin əlçatanlığını təmin etmək və insanların göz sağlamlığını qorumağa dəstək olmaqdır.