Səhiyyə Nazirliyi Şuşa və Ağdamda oftalmoloji aksiya keçirib
26.09.2025
Bakı, 25 sentyabr, AZƏRTAC
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində sentyabrın 25-26-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdam rayonunda və Şuşa şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tədbirin ilk günündə Ağdam rayonunun Xıdırlı kəndində tibbi müayinələr təşkil edilib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub. Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Növbəti gün isə tibbi aksiya Şuşa şəhərində davam edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.












































































































































































































































































































































































































































