Xocalı rayonunun Ballıca kəndində növbəti tibbi aksiya keçirilib
24.11.2025
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində göstərilən dəstək tədbirləri davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 20–21 noyabr 2025-ci il tarixlərində Xocalı rayonunun Ballıca kəndində növbəti tibbi aksiya keçirib.
Aksiyanın əsas məqsədi Xocalı rayonunda yaşayan vətəndaşların görmə problemlərinin erkən müəyyənləşdirilməsi, profilaktik müayinələrlə onların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi və yerli əhaliyə oftalmoloji xidmətlərin daha əlçatan edilməsi olub.
İki gün davam edən aksiya müddətində 192 nəfər əməkdaş oftalmoloji müayinə edilib. Müayinələr zamanı presbiopiya, miopiya, katarakra, allergik konyunktivit və digər göz problemləri müəyyən edilib, pasiyentlərə müvafiq tövsiyələr təqdim olunub.
Müayinələri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları dr. Fərhad Nurməmmədov və dr. Emin Ərəbov həyata keçiriblər.
Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və klinikanın sürücüsü Vasif Nəsirov iştirak ediblər.














































































































































































































































































































































































































































