Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı 25 oktyabr 2019-cu il tarixində açılmışdır. Filialın yaradılmasında məqsəd ölkənin şimal-qərb bölgəsində yaşayan əhalinin yüksək ixtisaslı oftalmoloji xidmətlərə yerində və fasiləsiz şəkildə çıxışını təmin etməkdir.
Şəki filialı regionda yeganə ixtisaslaşmış oftalmoloji kompleks olmaqla yanaşı, həm diaqnostika, həm cərrahiyyə, həm də profilaktik tədbirlərin icrası üçün müasir tibbi avadanlıq və peşəkar kadr heyəti ilə təchiz olunmuşdur. Filialda uşaq və böyüklərə aşağıdakı oftalmoloji müayinə və konsultasiya xidmətləri göstərilir: vizometriya, oftalmoskopiya, biomikroskopiya, tonometriya, refraktometriya, optik koherens tomoqrafiya (OKT), göz almasının ultrasəs müayinəsi (AB-skan və s.). Şəki filialında bir çox oftalmoloji cərrahi əməliyyatlar yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir: suni büllurun implantasiyası ilə kataraktanın fakoemulsifikasiyası, vitreoretinal əməliyyatlar, Anti-VEGF preparatların intravitreal inyeksiyaları, çəpgözlüyün korreksiyası, pterigiumun eksiziyası, blefaropalstika və s. Ambulator olaraq ikincili kataraktanın YAG-lazer, göz dibinin patologiyasının lazer-koaqulyasiya əməliyyatları da icra olunur. Müxtəlif yaşda olan uşaqlara refraksiya patologiyasının, görmə zəifliyin pleopto-ortoptik aparat müalicəsi müasir üsullar ilə aparılır.
Filial təkcə Şəki şəhərinin deyil, həm də ətraf rayonların – Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ və digər bölgələrin əhalisinə oftalmoloji xidmətlər göstərir. Şəki filialı Azərbaycanın şimal-qərb regionu üzrə tam ixtisaslaşmış oftalmoloji mərkəz olaraq, yerli əhaliyə görmə orqanı patologiyasının keyfiyyətli diaqnostika, müalicə və reabilitasiya xidmətlərdən yararlanmasına geniş imkanlarını yaradır.