Səyyar klinika


Heydər Əliyev Fondu və akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında sıx əlaqələr yaradılıb. Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə ona öz köməkliyindən əsirgəmirlər, belə ki, ayrı-ayrı xeyriyyə aksiyalar zamanı və gündəlik işində Mərkəzin əməkdaşları tərəfindən yüzlərlə yoxsul, az təminatlı xəstələrə, əlillərə, Böyük Vətən müharibəsi, Əfqan və Qarabağ müharibələri veteranları və əlillərinə, qaçqınlara və məcburi köçkünlərə təmənnasız ambulator və stasionar yardım göstərilir. Səhiyyə Nazirliyinin köməkliyi ilə bu fəaliyyət çərçivəsində respublika rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir.

Həmin «təkərli klinikada» oftalmoloji xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün hər bir şərait yaradılıb: yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə kataraktanın ekstraksiyasının aparılması üçün xüsusi aparat. Səyyar klinika muxtar həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz olunub və hər bir şəraitdə işləyə bilər. Həmin klinika ölkəmizin müxtəlif rayonlarına gedərək, artıq müntəzəm şəkildə fəaliyyət göstərir, yüksəkixtisaslı, müasir texnologiyalı oftalmoloji yardımı ən ucqar kəndlərdə yaşayan xəstələrə yaxınlaşdırır və bu cür xidməti belə xəyalında da görməyən insanlar üçün mümkün edir.

Bununla da Zərifə xanım Əliyevanın arzularından biri həyata keçir. Qeyd etmək lazımdır ki, bu günədək səyyar klinikada 7000-dən artıq xəstə müayinə olunmuş və 650-dən artıq xəstədə cərrahi əməliyyat aparılmışdır.