Onko-oftalmologiya bölməsi

2009-cu ildə Milli Oftalmologiya Mərkəzinin yeni binası istifadəyə verilən zamandan mərkəzin nəzdində Oftalmoonkoloji bölmə fəaliyyət göstərir. Ümumiyyətlə, son 50 il ərzində bədxassəli yenitörəmələrin sayı artıb. Bu, həmçinin görmə orqanına da aiddir. Son zamanlar əhali arasında oftalmoonkolojı xəstəliklərlə müraciətlərin sayı artıb. Bununla bağlı, dünya standartlarına uyğun, ixtisaslaşmış xidmətə zəruriyyət yaranmışdır. Xəstəliklərin müalicəsi üçün mərkəzdə yüksək səviyyədə şərait yaradılmışdır. Bu məqsədlə poliklinika şöbəsində 2013 saylı konsultativ otaq fəaliyyət göstərməkdədir. Burada uşaqlarda və böyüklərdə göz qapaqlarının, konyunktivanın, göz yuvasının, gözdaxili xoş və bədxassəli yenitörəmələrin diaqnostikası və müalicəsi həkim oftalmoonkoloq tərəfindən aparılır. Oftalmoonkoloji bölmədə bu xəstəliklərin cərrahi, kriodestruksiya, elektrokoaqulyasiya  və lazerkoaqulyasiya üsulu ilə müalicəsi həyata kecirilir. Göz qapaqlarının və konyunktivanın bədxassəli törəmələrinin (xərcəng, melanoma, limfoma və s.), biopsiyası, götürulməsi və qapaqların plastikası, orqanqoruyucu əməliyyatlar, o cumlədən, orbitotomiya əməliyyatları  icra olunur. Uşaqlarda görmə aparatının onkolojı xəstəlıkləri arasında tez rast olunan hemanqiomalar, dermoid sistlər, retinoblastoma  ugurla müalicəsi aparılır.Cərrahi əməliyyatdan sonra xəstələrin uzunmüddətli dispanser müşahidəsi aparılır. Göz yuvasının iltihabi xəstəlikləri, tireotosikoz ilə bağli ekzoftalmların (gözün önə gəlməsi) müalicəsi aparılır. Bölmənin həkimləri  Milli Onkologiya  Mərkəzinin həkimləri ilə sıx əməkdaşlıq edirlər. Zəruriyyət yarandığında müalicənin bir sıra mərhələləri Onkologiya Mərkəzində aparılır (şüa müalicəsi, kimyəvi terapiya). Mərkəzimizin həkimləri xarici mütəxəssislər-oftalmoonkoloqlar ilə təcrübə mübadiləsi aparır, həmçinin beynəlxalq simpoziumlarda uğurla iştirak edirlər.