Fizioterapiya şöbəsi

Fizioterapiya şöbəsinin əsas fəailiyyəti  gözün damarlı qişasının iltihabı xəstəliklərinin – üveitlərin – müayinəsi,  differensial diaqnostikası və müalicəsinin aparılmasıdır. Tibbi texnologiyaların daimi təkmilləşməsinə baxmayaraq üveitlərin etioloji strukturlarının öyrənilməsi problemi öz aktuallığını  itirmir. Bu patologiyanın geniş yayılması, polietiologiyası, residiv verən gedişatı,  əmək qabiliyyətli cavan pasientlərin xəstələnməsi, yüksək əlillik ehtimalı və  s. üveitlə olan pasientlərin müayinəsində  və  müalicəsində yüksək differensial yanaşmanı tələb edir. Bu tələblərə  müvafiq olaraq belə xəstələr şöbədə təcrübəli mütəxəssislər tərəfindən geniş spektrli müayinələrdən keçirilirlər: oftalmoloji, rentgenoloji, daxili üzvlərin ultrasonoqramması,  kompüter tomoqramması, immuno-biokimyəvi laborator müayinələr, elektrokardioqrafiya və s. Ehtiyac yarandıqda pasientlər ftiziatr, revmatoloq,  stomatoloq, endokrinoloq, otolarinqoloq, nevropatoloq və  digər mütəxəssislərin konsultasiyasına göndərilirlər. Oftalmoloji müayinənin aparılması  üçün şöbədə beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibbi avadanlıqlar quraşdırılımışdır.

Üveitlərin ikincili ağırlaşmaları (katarakta,  qlaukoma, proliferativ vitreoretinopatiya və s.) müasir cərrahi üsullarla müalicə olunurlar. Mərkəzdə yaradılmış  “Pasientlərin Avtomatlaşdırılmış Elektron Məlumat Bazası Sistemi (E.M.S. –Elektron Məlumat Sistemi)”nin sayəsində belə pasientlərin elektron statistik məlumat bazası yaradılır. Bundan başqa şöbədə oftalmoonkoloji və  oftalmoendokrinoloji pasientlər də konservativ və  cərrahi müalicə tədbirlər kompleksini keçirlər.

Şöbədə müasir avadanlıqlarla təhçiz olunmuş fizioterapiya bölməsi də fəailiyyət göstərir. Burada dinamik maqnitoterapiya, transkranial maqnitoterapiya və elektrostimulyasiya, lazeroterapiya, fotostimulyasiya, elektroforez kimi fizioterapevtik müalicə üsulları müxtəlif xəstəliklərinin terapiyasında əlavə olaraq kompleks şəkildə istifadə olunurlar. Fizioterapiya müalicəsinin müxtəlif növləri damargenişləndirici, neyrotrofik, iltihabəleyhinə, immunostimulyasiya və s. təsirlərə malikdirlər. Belə ki, elektroforez üsulunun tətbiqi preparatların minimal  dozayla gözün patoloji ocağına daha tez çatdırılmasına və daha da uzun farmakoloji təsirə imkan yaradır.

Şöbədə aparılan bu işlər müxtəlif mənşəli üveitlərin residivlərinin və ikincili ağırlaşmalarının yaranma riskini azaldan profilaktik və reabilitasiya müalicəvi tədbirlər kompleksi kimi qiymətləndirilə bilər.