Fizioterapiya şöbəsinin əsas fəailiyyəti gözün damarlı qişasının iltihabı xəstəliklərinin – üveitlərin – müayinəsi, differensial diaqnostikası və müalicəsinin aparılmasıdır. Tibbi texnologiyaların daimi təkmilləşməsinə baxmayaraq üveitlərin etioloji strukturlarının öyrənilməsi problemi öz aktuallığını itirmir. Bu patologiyanın geniş yayılması, polietiologiyası, residiv verən gedişatı, əmək qabiliyyətli cavan pasientlərin xəstələnməsi, yüksək əlillik ehtimalı və s. üveitlə olan pasientlərin müayinəsində və müalicəsində yüksək differensial yanaşmanı tələb edir. Bu tələblərə müvafiq olaraq belə xəstələr şöbədə təcrübəli mütəxəssislər tərəfindən geniş spektrli müayinələrdən keçirilirlər: oftalmoloji, rentgenoloji, daxili üzvlərin ultrasonoqramması, kompüter tomoqramması, immuno-biokimyəvi laborator müayinələr, elektrokardioqrafiya və s. Ehtiyac yarandıqda pasientlər ftiziatr, revmatoloq, stomatoloq, endokrinoloq, otolarinqoloq, nevropatoloq və digər mütəxəssislərin konsultasiyasına göndərilirlər. Oftalmoloji müayinənin aparılması üçün şöbədə beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibbi avadanlıqlar quraşdırılımışdır.
Üveitlərin ikincili ağırlaşmaları (katarakta, qlaukoma, proliferativ vitreoretinopatiya və s.) müasir cərrahi üsullarla müalicə olunurlar. Mərkəzdə yaradılmış “Pasientlərin Avtomatlaşdırılmış Elektron Məlumat Bazası Sistemi (E.M.S. –Elektron Məlumat Sistemi)”nin sayəsində belə pasientlərin elektron statistik məlumat bazası yaradılır. Bundan başqa şöbədə oftalmoonkoloji və oftalmoendokrinoloji pasientlər də konservativ və cərrahi müalicə tədbirlər kompleksini keçirlər.
Şöbədə müasir avadanlıqlarla təhçiz olunmuş fizioterapiya bölməsi də fəailiyyət göstərir. Burada dinamik maqnitoterapiya, transkranial maqnitoterapiya və elektrostimulyasiya, lazeroterapiya, fotostimulyasiya, elektroforez kimi fizioterapevtik müalicə üsulları müxtəlif xəstəliklərinin terapiyasında əlavə olaraq kompleks şəkildə istifadə olunurlar. Fizioterapiya müalicəsinin müxtəlif növləri damargenişləndirici, neyrotrofik, iltihabəleyhinə, immunostimulyasiya və s. təsirlərə malikdirlər. Belə ki, elektroforez üsulunun tətbiqi preparatların minimal dozayla gözün patoloji ocağına daha tez çatdırılmasına və daha da uzun farmakoloji təsirə imkan yaradır.
Şöbədə aparılan bu işlər müxtəlif mənşəli üveitlərin residivlərinin və ikincili ağırlaşmalarının yaranma riskini azaldan profilaktik və reabilitasiya müalicəvi tədbirlər kompleksi kimi qiymətləndirilə bilər.