
Laçın rayonunda Səyyar Klinika vasitəsilə əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub
1-2 may 2025-ci il tarixində Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Laçın rayonunda Səyyar Klinika vasitəsilə əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub. Aksiya “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilib.
İki gün ərzində səyyar klinikanın həkim heyəti tərəfindən 145 nəfər yerində müayinə olunub. Müayinələr zamanı müxtəlif göz xəstəlikləri – refraksiya qüsurları, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və digər patologiyalar aşkar edilib.
Aksiyanın əsas məqsədi görmə problemlərinin erkən mərhələdə aşkarlanması, vaxtında müdaxilə imkanlarının yaradılması və görmə itkisinin qarşısının alınması olub. Eyni zamanda bu təşəbbüs əhali arasında göz sağlamlığı ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə də xidmət edir.
Tibbi xidmətlər Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları dr. Rövşən Rəcəbli, dr. Emin Ərəbov və tibb bacısı Banu Rəcəbli tərəfindən həyata keçirilib. Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücülər Vasif Nəsirov və Vüsal Məmmədov da iştirak ediblər.