Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq.

Şəki əhalisinə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə oktyabrın 25-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, elə həmin gün Şəkidəki “Marxal resort & spa” otelinin “Nuxa” konfrans zalında Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri” mövzusunda VII regional konfrans keçiriləcək. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflərlə çıxış etmək, bu sahədə baş verən ən son nailiyyətlərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək, məruzələri dinləniləəcək.

Oktyabrın 26-da həmin məkanda gənc oftalmoloqların “Müasir oftalmologiyanin son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfransı keçiriləcək. Konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

Bakı, 17 oktyabr, AZƏRTAC