Milli Oftalmologiya Mərkəzinin Şəkidə keçirdiyi aksiyada 270 vətəndaşın gözü müayinə olunub.

Milli Oftalmologiya Mərkəzinin Şəkidə keçirdiyi aksiyada 270 vətəndaşın gözü müayinə olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının dekabrın 14-də Şəkidə başladığı humanitar aksiya başa çatıb. İki gün davam edən aksiya zamanı 270 vətəndaşın gözü müayinə olunub.

Mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Humanitar aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Şəki şəhər sakini Mikayıl Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Bir ildən çoxdur ki, gözümdə problem yaranıb. Sol gözüm zəif görür. Bakıya gedib yoxlatmağa vaxt tapa bilmirdim. Yaxşı oldu ki, həkimlər özləri Şəkiyə gəldilər. Məni diqqətlə müayinə etdikdən sonra bildirdilər ki, sol gözümdə katarakta var. Tezliklə əməliyyat olunmağımı məsləhət gördülər”.

Şəki sakini İsmayıl Şamilovun da bir ilə yaxındır ki, gözündə problem əmələ gəlib. “Eşidəndə ki, Milli Oftalmologiya Mərkəzinin həkimləri Şəkiyə gələcək, çox sevindim. Səyyar klinikaya müraciət etdim, məni müayinədən keçirdilər. Dedilər ki, gözümdə mirvari suyu çoxalıb. Eynək taxmağımı tövsiyə etdilər. Belə aksiyaların davamlı olmasını arzulayıram”, - deyə Şəki sakini qeyd edib.

Müayinələrdə iştirak edən digər vətəndaşlar da onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Regionlarda yaşayan əhaliyə Milli Oftalmologiya Mərkəzi tərəfindən təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Həmin vaxtdan Mərkəzin Avtomobil Səyyar Klinikası paytaxtda və respublikanın bir çox şəhər və rayonlarında aksiyalar həyata keçirib. 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.

Şəki, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC