Bu xəstələrin İrana getməsinə ehtiyac olmayacaq - Yenilik

Bu xəstələrin İrana getməsinə ehtiyac olmayacaq - Yenilik

Bu sözləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzininin aparıcı elmi işçisi Fərəh Abduləliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentin bu günlərdə imzaladığı fərman artıq həmin şəxslərin ölkəmizdə əməliyyat edilməsinə imkan verəcək: “Xəstələrin 10-20 faizini uşaqlardır. Buynuz qişaları ABŞ, Rusiya, İrandan gətiriləcək. Bu transplantların ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Yaxın günlərdə transplantlar ölkəyə gətiriləcək. Bir neçə həftəyə ölkəmizdə ilk dəfə buynuz qişasının transplantasiyası əməliyyatı icra ediləcək. Təcili əməliyyata ehtiyacı olan şəxslər ilk mərhələyə salınacaq. Sonra isə növbəli şəkildə ehtiyacı olanların hamısı əməliyyata cəlb ediləcək”.

Fərəh Abduləliyeva keraktokonus xəstəliyi, buynuz qişasının zədələnməsi, yaşlı adamlarda əvvəlki göz əməliyyatlarından sonra yaranan fəsadlarla buynuz qişasının transpalntasiyasına ehtiyac olduğunu bildirib: “Bu xəstələr ölkəmizdə əməliyyat edilə bilmədiklərindən xarici ölkələrə - Rusiyaya, İrana üz tuturdular. Artıq belə xəstələr ölkəmizdə əməliyyat ediləcək.

İlkin mərhələdə bu əməliyyatı etməyə ölkədə 4 həkimə icazə verilib. Onlar əməliyyatı Milli Oftalmologiya Mərkəzi və Respublika Diaqnostika Mərkəzində icra edəcəklər”.

Elmi işçi qeyd edib ki, hazırda mərkəzdə buynuz qişası bankı yaradılır: “Gələcəkdə buynuz qişanın transplantasiyası üçün xaricdə donor gətirməyə ehtiyac olmayacaq".