Professor Kərəm Kərimovun 70 illik yubileyidir.

Professor Kərəm Kərimovun 70 illik yubileyidir.

Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə Zəngəzur mahalında müəllim ailəsində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medal ilə bitirmiş, 1965-1967-ci illərdə Neft Kimya ve Politexnik institutlarında oxumuş, 1968-ci ildə Tibb institutuna daxil olmuş və 1974-cü ildə bitirmişdir. 1974-1975-ci illərdə Oftalmologiya institutunda internatura keçmiş və 1975-1977-ci illərdə Naxçıvan göz xəstəxanasında həkim-oftalmoloq işləmişdir.

1977-1979-cu illərdə Oftalmologiya institutunda klinik ordinatura keçdikdən sonra 1979-cu ildə bu instituta elmi işçi vəzifəsinə qəbul olunmuş və sonradan ardıcıl şəkildə həmin institutun təşkilati-metodik, qlaukoma, gözün mikrocərrahiyyəsi şöbələrinin müdiri vəzifəsində işləmişdir. 1986-ci ilde Əlillərin Reabilitasiya Mərkəzini yaratmış və rəhbəri olmuşdur.

K.T.Kərimov 1998-ci ildən 2005-ci ilin noyabr ayınа kimi Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsində çalışmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu olmuşdur.

1981-1997-ci illərdə K.T.Kərimov Moskva “Gözün mikrocərra­hiyyəsi” elmi-tədqiqat kompleksində aspirantura və doktoranturanı bitirdikdən sonra 1985-ci ildə tibb elmləri namizədliyi, 1997-ci ildə isə tibb elmləri doktorluğu dissertasiyalarını müdafiə etmiş və 2003-cü ildə professor elmi rütbəsinə layiq görülmüşdür.

2000-2002-ci illərdə K.T.Kərimov Azərbaycanda Eksimer və Fako lazer mərkəzlərini yaratmış və hazırda bu mərkəzlərə rəhbərlik edir. İşlədiyi 30 il ərzində 20 minə qədər cərrahi əməliyyat aparmış, 100 mindən çox xəstəyə tibbi xidmət və köməklik göstermişdir. Dünyanın 20-dən artıq dövlətində elmi toplantılarda iştirak etmiş və xaricdə onlarla məqaləsi çap olunmuşdur.

Professor K.T.Kərimov 280-dan artıq elmi məqalənin, о cümlədən 6 monoqrafiyanın, 30 metodik tövsiyənin və 2 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 19 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub. Hal-hazırda 13 namizədlik, 2 doktorluq dissertasiyalarının elmi rəhbəridir.

Rusiya Keyfiyyət Problemləri Akademiyasının, Nyu-York Akademiyasının, Avropa Oftalmoloqlar Assosiasiyasının və Amerika Diabetoloqlar Cəmiyyətinin üzvüdür. Türkdilli dövlətlər Oftalmoloqlar Assosiasiyasının Azərbaycan və Orta Asiya üzrə həmsədridir.

1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Professor К.T.Kərimov respublikanın ictimai hayatında göstərdiyi fəaliyyətinə görə “İti qələm”, “Azərbaycan həqiqətləri”, “Vətən andı”, “İlin xeyirxah həkimi”, «Azərbaycan bayrağı” və “Akademik Zərifə Əliyeva” adına fəxri diplomlarına layiq görülmüşdür. 2000-2003-cü illərdə Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. Respublika “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi professor K.T.Kərimovun maarifçilik xidmətini nəzəra alaraq onu “Akademik Y.Məmmədəliyev” adına medalla təltif etmişdir.

Ailəlidir, iki övladı var.