Milli Oftalmologiya Mərkəzinin Gədəbəydə keçirdiyi aksiyada 210 vətəndaş müayinə olunub.

Milli Oftalmologiya Mərkəzinin Gədəbəydə keçirdiyi aksiyada 210 vətəndaş müayinə olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası iyunun 26-da Gədəbəy şəhərində sayca ikinci dəfə aksiya keçirib. Eyni zamanda Akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasında uşaqların göz müayinəsi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı ümumilikdə 210 vətəndaşın gözü müayinə edilib.

Həmçinin 7 nəfər əməliyyat olunub. Mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər lazımi tədbirlər görülməsə xəstələrin sayı 2020-ci ildə 80 milyona çata bilər. Buna görə ölkəmizdə korluğun qarşısının alınması üçün mərkəzin əməkdaşları respublikamızın bütün bölgələrində müayinələr həyata keçirir.

Yazgül Abdıyeva qeyd edib ki, aksiyanın respublikamızın qərb bölgəsində yüksək dağlıq və sərhəd rayonlarından olan Gədəbəydə keçirilməsində məqsəd sakinləri müayinə və müalicə etmək, həmçinin rayonda cərrahi əməliyyatlar aparılmadığına görə bu tədbirləri həyata keçirməkdir.

Bu məqsədlə mərkəzin avtomobil səyyar klinikası 15 nəfərlik həkim heyəti ilə birgə rayon sakinlərinə müasir səviyyədə əsas oftalmoloji xidmətlər göstərib.

Müayinələr zamanı sakinlərdə daha çox refraksiya patologiyası, quru göz sindromu, konyuktivit, presbiopiya, bəzi sakinlərdə isə yaşla bağlı katarakta və digər xəstəliklər aşkar edilib.

Milli Oftalmologiya Mərkəzi tərəfindən regionlarda yaşayan əhaliyə təmənnasız səyyar xidmətlərin göstərilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Sakinlərlə söhbət zamanı onlar davamlı olaraq həyata keçirilən belə humanitar aksiyaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Müayinələrdə iştirak edən Gədəbəy rayon sakini Akif Camalov, Vaqif Əliyev, Zaur Əliyev, Məmməd Məmmədov və digər vətəndaşlar onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən regionlarda yaşayan əhaliyə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Həmin vaxtdan mərkəzin avtomobil səyyar klinikası paytaxtda və respublikanın bir çox şəhər və rayonlarında aksiyalar həyata keçirir. 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı da fəaliyyətə başlayıb.

Gədəbəy, 27 iyun, Rauf Hacıyev, AZƏRTAC