Qanda şəkərin miqdarının yüksək olması göz dibində fəsadların əmələ gəlməsi riskini artırır.
Şəkərli diabet dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Şəkərli diabetin iki tipi ayırd edilir. Birinci tip şəkərli diabetdə xəstələrin orqanizmində insulin hormonu sintez olunmur və onlar insulindən asılı olurlar. İkinci tipdə isə insulin orqanizmdə istehsal olunur, lakin hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bu xəstələr insulindən asılı olmayanlardır və xəstəlik adətən 30 yaşdan sonra aşkarlanır.
Şəkərli diabet xəstələrinin 30-40 faizində onun ən geniş yayılmış mikrovaskulyar ağırlaşması olan diabetik retinopatiyanın müxtəlif dərəcəli əlamətlərinə rast gəlinir. Dünyada əmək qabiliyyətli əhali arasında qarşısı alına bilinən korluğun əsas səbəbi diabetik retinopatiyadır. Ona görə də şəkərli diabetin erkən aşkar olunması onun yarada biləcəyi fəsadların profilaktikası və müalicəsi baxımından əhəmiyyətlidir. Xəstəliyin erkən aşkarlanması üçün skrinninq aparılır. İlk olaraq pasiyent endokrinoloqun müayinəsindən keçir. Ona görə də endokrinoloq pasiyenti göz müayinəsindən keçməyə yönləndirməli və buna cavabdehdir. Növbəti mərhələdə rayon və şəhər xəstəxanalarında oftalmoloqlar pasiyenti müayinə etməli, göz dibində ağırlaşmalar qeydə alınarsa, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirməlidirlər.
Bu barədə AZƏRTAC-a mərkəzin şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə şöbəsinin klinika üzrə müdiri, tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev məlumat verib.
“Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə retinopatiyanın əmələ gəlməsinin riskləri arasında xroniki hiperqlikemiya, yəni uzun müddət qanda şəkərin miqdarının yüksək olması xüsusi yer tutur. Belə ki, qanda şəkərin miqdarının yüksək olması göz dibi fəsadlarının əmələgəlmə riskini artırır. 15 il birinci tip şəkərdən əziyyət çəkənlərin 100 faizində diabetik retinopatiya yaranır. İkinci tipdə isə 15 ildən sonra 70 faizində bu fəsadlar aşkarlanır. Növbəti risklərə hipertoniya, diabetik nefropatiya, lipid mübadiləsində olan pozulmalar daxildir. Şəkərdən əziyyət çəkən qadınlarda hamiləlik dövründə qanda şəkərin miqdarı arta bilər. Hamiləlikdən sonra hormonal balans bərpa olunur və nəticədə xəstəlik reqressiya edə bilər.
Diabetik retinopatiya qeyri-proliferativ və proliferativ mərhələlərə ayrılır. Qeyri-proliferativ, yəni başlanğıc mərhələnin yüngül, orta, ağır formaları var. Proliferativ mərhələdə isə göz dibində yeni damarların və fibroz proliferasiyanın əmələ gəlməsi, torlu qişanın traksion qopması, təkrarlanan qansızmalar və sonda görmənin tam itirilməsi qeydə alınır. Xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq müayinə və müalicələr tərtib edilir.
Diabetik retinopatiyanın aşkarlanmasında əsas müayinələr xəstənin görmə itiliyin yoxlanılması, gözdaxili təzyiqin ölçülməsi, göz dibinin rəngli şəkillərinin çəkilməsidir. Həmçinin xüsusi müayinələrdən istifadə etməklə xəstəliyin mərhələsini müəyyən edib müalicə planı qurulur.
Qeyri-proliferativ mərhələdə əsas müalicə metabolik nəzarətdən ibarətdir və terapevt-endokrinoloq tərəfindən aparılır”, - deyə şöbə müdiri qeyd edib.
O, bildirib ki, gözlərin müalicəsində dərman və cərrahi müdaxilədən istifadə olunur: “Müasir dövrdə lazer müalicəsi medikal üsula aiddir. Çünki ilk dövrlərdə, yəni qeyri-proliferativ mərhələdə aparılan müalicədə məqsəd gözün dibində işemik prosesin, orada qansızmaya səbəb ola biləcək damarların yaranmasının qarşısını almaqdır. Bu müalicə prinsiplərinə gözün lazer müalicəsi və gözdaxili, yəni şüşəyəbənzər cismə inyeksiya vasitəsilə anti-VEGF preparatlarının yeridilməsi aiddir. Lazer müalicəsi, yəni lazer koaqulyasiya qan dövranının pozulduğu nahiyələrə təsir etməklə oradakı işemik prosesin qarşını almaqla xəstəliyin inkişafını əngəlləyir.
Görmə mərkəzinə, yəni makula adlanan zonaya qandakı mayenin və yağlı maddələrin sızması baş verir. Tor qişanın belə şişməsi makula ödemi adlanır. Onun qarşısını almaq üçün qeyd olunan inyeksiyalardan istifadə edilir. İnyeksiyaların təsir müddəti qısa olduğundan xəstələr ilboyu 5 iynədən 8 iynəyə qədər qəbul edə bilərlər. Lazer müalicəsi isə məhduddur. Yəni 4-5 seans tətbiq olunur. Ondan sonra müalicə inyeksiya vasitəsilə aparılır. Gözün dibində fibroz proligerasiya əmələ gəldikdə, torlu qişanın qopması, sorulmayan qansızmalar olduqda cərrahi müalicəyə müraciət olunur.
Cərrahi müdaxilə zamanı isə arxa vitrektomiya əməliyyatı həyata keçirilir. Aparılan müalicənin effektivliyi xəstənin öz xəstəliyinə qarşı münasibətindən asılıdır. Müraciət edənlərdə görmənin saxlanılması istiqamətində tədbirlər görülür. Lakin vaxtında həkimə müraciət edilsə və tövsiyələrə əməl olunsa, müsbət nəticə əldə etmək mümkündür.
Ən ağır forma birinci tip şəkərdir, uşaq yaşlarından başladığı üçün onlar erkən yaşlarda əlil ola bilirlər. Xəstəliyin gedişatı aqressiv olduğuna görə əksər hallarda müalicə effektiv nəticə vermir. Xəstə şəkərli diabeti həyat tərzinə çevirməlidir. Bu zaman xəstəliyin inkişafının qarşısını almaq olur.
Ümumiyyətlə, şəkərli diabet və diabetik retinopatiya sosial yüklü bir xəstəlikdir. Şəkərli diabet xəstələri daim dövlətin diqqətindədir. Şəkərli diabetlə bağlı dövlət proqramları qəbul olunub. Sonuncu Dövlət Proqramı 2016-2020-ci illəri əhatə edir”.
Mütəxəssis qeyd edib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdindəki şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə şöbəsi şəkərli diabetin göz dibi fəsadlarının müalicəsi üzrə ölkədə ixtisaslaşmış yeganə mərkəzdir.
Bakı, 18 iyul, AZƏRTAC