Oftalmoloqların Şəki seminarı

Oftalmoloqların Şəki seminarı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Oftalmoloqlar Cəmiyyəti ilə birgə “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirmişdir. Mərkəzin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə qurumun Şəki filialında təşkil edilən seminarın məqsədi region həkimləri ilə oftalmologiyaya dair qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsi olmuşdur.

Çıxışlar zamanı oftalmoloqlar öz bilik və praktik bacarıqlarını bölüşmüş, həmçinin maraqlı təkliflər səsləndirmiş­lər. Seminarda həkim-oftalmoloqlardan Faiq Quliyev “Akademik Z.Əliyeva adı­na MOM Şəki filialının regionda rolu”, “Gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, Sona İbrahimova “Qapalı bucaqlı qlaukoma”, Elsevər Həmidov “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi” mövzularında məruzələr etmişlər. Tibb üzrə fəlsəfə doktorları Ruhəngiz Balayevanın “Göz qapaqlarının bədxassəli törəmələri”, Mirana Mirişovanın “Kataraktanın eks­traksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın eksimer lazerlə korreksi­yası”, həkimlər Humay Bayramovanın “Göz travmalarına düzgün yanaşma taktikası”, Rövşən Rəcəblinin “Buy­nuz qişa xəstəlikləri və keratoplastika”, Lalə Məmmədovanın “Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müa­yinə və müalicələrin nəticəsi” kimi möv­zularda çıxışları maraqla qarşılanmış və geniş müzakirə edilmişdir.

Mərkəzin direktor müavini Ceyhun Nəzərli, bölmə müdiri Yazgül Abdiyeva və region həkimləri də seminarda işti­rak etmişlər. Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirmişlər ki, Beynəlxalq standart­lara cavab verən, müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Şəki filialı 2019-cu il oktyabrın 26-da açıl­mışdır. Burada oftalmologiyanın bütün sahələrini əhatə edən yüksək ixtisaslı mütəxəssislər regiondakı əhaliyə daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərirlər.

Zərifə BƏŞİRQIZI
XQ

https://xalqqazeti.az/az/sosial-heyat/138685-oftalmoloqlarin-seki-seminari