Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində noyabrın 15-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya təşkil edib.

        AZƏRTAC xəbər verir ki, aksiya zamanı Səyyar Klinikanın həkimləri tərəfindən nazirliyin əməkdaşlarına tibbi-oftalmoloji xidmət göstərilib. Aksiya çərçivəsində nazirliyin 130 əməkdaşı göz müayinəsindən keçib.

Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya çərçivəsində aşkarlanan göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq, aşkarlanan problemin həlli yolları müzakirə olunacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.

Qeyd edək ki, 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən etibarən isə klinika tərəfindən Azərbaycanın bir çox ali və orta təhsil ocaqlarında mütəmadi olaraq oftalmoloji müayinələr aparılır. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Bakı, 15 noyabr, AZƏRTAC