“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Martın 14-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda oftalmoloqların məruzələri dinlənilib, qlaukoma, onun müasir diaqnostik təhlilindən, müalicəsindən danışılıb və xəstəliyin aradan qaldırılmasına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, qlaukoma gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” adlandırılan qlaukomadan dünyada milyonlarla insan əziyyət çəkir. Müalicə edilmədiyi halda korluqla nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
Bakı, 14 mart, AZƏRTAC