Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası iyunun 23-24-də Tovuz şəhər sakinləri üçün oftalmoloji aksiya keçirir.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya saat 09:00-da Tovuz dəmiryol vağzalında təşkil olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd pasiyentlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir. Qeyd edilməlidir ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər daima artır.
Həmçinin qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.
Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyardı görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Həmin rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.