Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023”
Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023”
İlk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) artıq 17 ildir ki, mütəmadi olaraq təşkil edilir. İllər öncə bu konfranslarda gənc oftalmoloqlar qismində məruzə edən gənclər bugün artıq öz sözünü demiş mütəxəssislər kimi fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək vətənimizi, vətənimizin oftalmologiya elmini və ən əsası hər zaman gənclərə dəstək olub, yol göstərən dəyərli müəllimlərimizi layiqincə təmsil edirlər. Bu gözəl ənənə ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına olan xüsusi diqqətin bariz nümunəsi olaraq yenə də davam etdirilir.
Gənc mütəxəssislər daim Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına mütəmadi olaraq dəstək verir, gənc oftalmoloqların dünya standartlarına cavab verə bilən mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılmasını, gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.
24-25 noyabr 2023-cü il tarixlərində Akademik Z. Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirildi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar Komitəsi tərəfindən keçirilən və iki gün davam edən, həmçinin iki böyük tədbiri birləşdirən “GOK-2023” Bakı şəhərində, Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu.
24 noyabr tarixdə konfransın rəsmi açılışı oldu. Açılış zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış etdi. Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımova “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərilmiş şəxslərə təqdim edilir.
XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransında müasir oftalmologiyanın müxtəlif subixtisaslarını əhatə edən məruzələr təqdim edildi. Belə ki, gənc mütəxəssislər buynuz qişa, katarakta və refraksion cərrahiyyə, okuloplastika, okulyar travmatologiya, okulyar onkologiya, neyrooftalmologiya, tibbi və cərrahi retina, pediatrik oftalmologiya və çəpgözlük, optika və refraksiya, okulyar infeksiyalar, həmçinin uveitlər mövzusunda özündə elmi yenilikləri ehtiva edən çıxışları konfrans iştirakçılarının diqqətinə təqdim etdilər. Konfransda gənc oftalmoloqlarla yanaşı, oftalmologiyanın sirlərinə yenicə yiyələnməyə başlayan həkim-rezidentlər – Nuranə Ələkbərova, Cəmilə Qasımova, Gülxanım Şahmuradova, Samir Manafov, Səbinə Quliyeva, Pakizə Mehralıyeva, Ayan Qəlbinur, Şəhla Musalı, Xatirə Veysəlli və b. fəal iştirak etdilər. Konfransda Türkiyə, Rusiya, İtaliya, San Marino, Hindistan və Honq-Konqdan olan mütəxəssislər zoom vasitəsiylə məruzələr etdilər.
Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, 25 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısı keçirildi. İlk dəfə belə formatda təşkil edilən tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsini həyata keçirmək üçün şəraitin yaradılmasından ibarət idi.
Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Prof. Elmar Qasımovun dəstəyi ilə təşkil edildi.
“Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı” mövzusunda 3 saat davam edən tədbirdə gənc oftalmoloqların diqqətini cəlb edən müxtəlif mövzular Dr. Emin Əlihüseynlinin moderatorluğu ilə interaktiv şəkildə, forumun spikerləriylə forum iştirakçıları arasında müasir internet texnologiyalarının tətbiqi ilə məlumat və fikir mübadiləsi formatında həyata keçirildi. Forumda t.ü.f.d. Dr. Mirana Mirişova “Elmi işlə məşğul olmaq üçün nədən başlamalı ?”, Dr. İnarə Hacı “Elmi məqaləni necə yazmalı ?” , Dr. Pərvin Ağayeva “Gənclərin professional inkişafı üçün beynəlxalq resurslar, ICO İmtahanları, ICO Fellowship proqramı, Edinburq Universiteti – Klinik Oftalmologiya üzrə onlayn magistr kursu üçün qrant proqramı və s.”, Dr. Lalə Məmmədova “Avropa ölkələrində ixtisasartırma kursları və Fellowship təhsili barədə”, Dr. Xuraman Ramazanova “Hindistanda oftalmoloqlar üçün ixtisaslaşma, kliniki və cərrahi təkmilləşmə üçün imkanlar”, Dr. Emin Ərəbov “MOM-da rezidentlərin fəaliyyəti, yaradılan şərait və onlarda praktik vərdişlərin formalaşdırılması” mövzusunda gənc oftalmoloqları maraqlandıran müxtəlif xarakterli mövzularla çıxışlar etdilər. Forum iştirakçılar tərəfindən çox yüksək qiymətləndirildi.
“GOK-2023” barədə əlavə məlumat əldə etmək üçün konfransın rəsmi veb saytına daxil ola bilərsiniz. www.tinyurl.com/azegok2023