7 oktyabr 2023-cü il tarixində Masallı rayonunda “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı

7 oktyabr 2023-cü il tarixində Masallı rayonunda “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı

7 oktyabr 2023-cü il tarixində Masallı rayonunda  Akademik Zərifə Əliyevanın 100 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı keçirildi.

 

Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq idi. 

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Prof. Elmar Qasımov açdı.

Prof. Elmar Qasımov konfransın keçirilmə məqsədindən, Masallı filialının 15 il ərzindəki fəaliyyətindən, əhaliyə yüksək xidmətindən bəhs edərək oftalmologiyanın regionlarımızda durmadan artan inkişafını  və gələcəkdə daha da irəli getməsi ilə bağlı görüləcək işlərdən söz açdı. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına  hər zaman dəstəyini davam etdirəcəyini bildirib.

TCOD-un Onursal Başqanı Op. Dr. Sunay Duman, TCOD-un Genel Başqanı, prof. Öner Gelişken, TOD-un Genel Başqanı, prof. Ziya Kapran və prof. Suleyman Kaynak Masallı filialının 15 illiyi münasibəti ilə video formatda prof. Elmar Qasımovu və  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarını təbrik edib, müvəffəqiyyətlər arzulayıb.

Konfransda t.e.d. Namazova Hicran, t.e.d. Rüstəmova Nazilə, t.e.d. Ağayeva Rəna, AOC-un sədr müavini t.ü.f.d. Abdiyeva Yazgül,  AOC-un elmi katibi dr. Nəzərli Ceyhun, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası oftalmologiya şöbəsinin müdiri t.ü.f.d. doss. İsmayılov Qurban, ADMO-nun sədri dr. Əlihüseynli Emin, həmçinin Bakıdan və bir çox regionlardan mütəxəssislər iştirak etdi.

Konfransda dr. İbadov S.Ə. “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, t.ü.f.d. Həsənova N.A. “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, dos. İsmayılov Q.M. “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, t.ü.f.d. Mirişova M.F. "Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası", dr.Bayramova H.O. “Buynuz qişanın və ön kameranın yad cisimləri” dr. Həsənzadə L.Y. “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, prof. Qasımov E.M., t.ü.f.d. Məcidova S.R. “Uveitlərin diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti”, dr. Sadıqova S.R. “Quru göz sindromunun müalicəsinə müasir yanaşmalar”, dr. Quliyeva D.G. “Quru göz xəstəliyinin etiologiya və müalicəsinin bəzi xüsusiyyətləri”, dr. Həmidov E.E. “Şəki-Zaqatala bölgəsində diabetik retinopatiyanın müalicəsinə dair” kimi mövzular müzakirə edildi.