AMEA-da akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir
Azərbaycan Milli Elmlər Akademiyasında akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov çıxış edərək görkəmli akademikin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.
Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb.
“Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri öz aktuallığını itirməyib və müasir oftalmoloqlar üçün çox faydalıdır. Azərbaycan oftalmologiyasının bugünkü inkişafı kilinik və elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin tərkib hissəsidir. O, Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdıb", - deyə E.Qasımov bildirib.
Rəhbərlik etdiyi qurum haqqında da məlumat verən E.Qasımov qeyd edib ki, 1977-ci ildə Zərifə xanım Əliyeva bu mərkəzin Bakıda tikilməsinə dair təşəbbüslər göstərib. O, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin açılışında dövlət başçısının da iştirak etdiyini diqqətə çatdırıb.