AZƏRTAC-ın əməkdaşları oftalmoloji müayinə olundu.
Bakı, 19 yanvar, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikasının əməkdaşları yeni ildə özlərinin ənənəvi tibbi marşrutlarından birini AZƏRTAC-a salıblar. Agentliyin akt zalında əməkdaşlar gün ərzində oftalmoloji müayinələrdən keçiblər.
Həkimlər müxtəlif göz problemlərindən şikayətlənən əməkdaşları ən müasir tələbata cavab verən aparatlar vasitəsilə müayinədən keçirir, görmə qabiliyyətlərinin dərəcəsini yoxlayırlar.
…Müayinə olunanlar biri-birini əvəz edir. Tibb işçiləri onların hamısını diqqətlə müayinə edərək diaqnoz qoyur, həkimlər isə kiminə tibbi məsləhət verir, kiminə müalicə kursu yazır, kiminin daha dərindən yoxlanılması üçün Oftalmologiya Mərkəzinə üz tutmasının, daha ciddi xəstəliyi olanların isə əməliyyat olunmasının vacibliyini bildirirlər.
Qeyd edək ki, 2005-ci ildən bəri Səyyar Klinika respublikanın 93 rayon və şəhərinə gedərək 133 xeyriyyə tədbiri keçirib. İndiyədək 23 min nəfərdən çox insan müayinələrdən keçib və onlardan 2700 nəfərində əməliyyat aparılıb.
Mərkəzin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib: “Bu il Səyyar Klinikamızın ilk səyyar xidmət marşrutu Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə olub. Onun ardınca Füzuli rayonunun Horadiz şəhərində yerli sakinlərin oftalmoloji müayinəsini aparmışıq. İlin ilk marşrutlarının həmin bölgədən başlanılması böyük stimul yaradıb. Oradan qayıdan kimi əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının, sonra isə Mərkəzi Elmi Kitabxananın əməkdaşlarını oftalmoloji müayinələrdən keçirdik. AZƏRTAC-ın əməkdaşlarının müayinəsi isə səyyar klinikanın bu il ərzində beşinci, ümumən isə 134-cü xeyriyyə tədbiridir. Maraqlıdır ki, bu aksiyada agentliyin 134 əməkdaşı müayinə edilib.
Göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür. Aristotel əbəs yerə demirdi ki, “Göz bizə daha çox məmnunluq gətirən hissiyyat orqanıdır, çünki təbiətin mahiyyətini anlamağa kömək edir”. Müayinələr göstərdi ki, kütləvi informasiya vasitələrində çalışan əməkdaşları daha çox quru göz sindromu narahat edir. Həmin xəstəliyin əlamətləri əsasən qaşınma, göynəmə hissinin olması və gözü tez-tez qırpmaqdır. Vaxtında müalicə edilmədikdə xroniki konyunktivit də əmələ gələ bilər. Görünür, bu, kompüter arxasında uzun müddət vaxt keçirməklə əlaqədardır. Ona görə də kompüterdən çox istifadə edənlər hər 30-40 dəqiqədən bir on dəqiqəlik fasilə verməlidirlər”.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov oftalmoloji xeyriyyə aksiyasına görə Mərkəzin Səyyar Klinikasının həkim və tibb işçilərinə təşəkkür edib, sağlamlıq keşikçilərinə bu gərəkli və faydalı işdə uğurlar arzulayıb.