Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuz şəhərində humanitar aksiya keçirib.
Məqsəd müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də cərrahi əməliyyatlar həyata keçirmək idi. Mərkəzin 13 nəfərdən ibarət həkim və tibb işçilərindən ibarət heyəti yerli həkimlərin də iştirakı ilə 200-ə yaxın pasientə tibbi xidmət göstərib. Onlar müayinə olunublar və müalicə üsulları tətbiq edilib. 20 nəfər pasientdə cərrahi əməliyyat icta olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü” ilə də bağlı Tovuzda maarifləndirmə tədbirləri həyata keçirib. Burada da məqsəd dünyanın mübarizə apardığı korluğun qarşının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı problemi olan pasientlərə bir sıra məsləhətlər verilib, eləcə də müayinə və müalicələr aparılıb.
Ölkə başçısı İlham Əliyevin sosial layihələr içərisində əsas diqqət etdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. 2005-2017-ci illər ərzində Səyyar Klinika respublikanın 87 rayon və şəhərlərinə 122 dəfə aksiya keçirib. 21 min 645 pasient müayinə və müalicə olunub, 2 min 465 xəstə cərrahi əməliyyat olunub. Cərrahi əməliyyatlar ümümi xəstələrin sayına görə 11,39% təşkil edib.