Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri”
Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans yüksək səviyyədə keçdi. Konfransın iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və oftalmoloq-alim akademik Zərifə Əliyevanın məzarını ziyarət etdilər. Sonra “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans başlandı. Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, alimin Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elekton sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanım müasir problemlərinə dair bir çox faydalı tədqiqatları olub. Nazir Zərifə Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini də vurğuladı. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Zərifə Əliyevanı böyük alim və gözəl insan kimi dəyərləndirdi. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Oftalmoloq –alimin ötən əsrin 40-cı illərində Azərbaycanda geniş yayılan traxoma xəstəliyinin aradan qaldırmasında böyük xidmətləri olduğunu vurğuladı. Elmar Qasımova görə Zərifə Əliyeva peşə patologiyası ilə də məşğul olub, zərərli maddələrin görmə orqanlarına təsirini öyrənib. Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının rektoru Larisa Moşetova da Zərifə Əliyevanın təkcə Azərbaycanın oftalmologiya elmi üçün deyil, Rusiya oftalmologiya elmi üçün də böyük işlər gördüyünü qeyd etdi. Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının akademiki Alevtina Brovkina dedi ki, Zərifə Əliyevanın görmə orqanlarının patologiyası üzrə apardığı elmi fəaliyyətini gənclər davam etdirilməlidir. Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Dumanın sözlərinə görə, Zərifə Əliyevanın əsərləri dünyanın elmi ictimaiyyətinin etimadını qazanıb. ABŞ-dan gələn oftalmoloq-alim Mark Rosenblatt Zərifə Əliyevanın adını daşıyan Mərkəzdə olduğunu və alimin fəaliyyətini araşdırdığını dedi. Xarici ölkələrdən gələn digər oftalmoloq alimlərin də maraqlı çıxışları oldu. Tədbirdə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Milli Oftalmologiya Mərkəzinin bir qrup işçisi "Fəxri fərman" və "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edildilər .