Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin onlayn toplantısı keçirilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun təşəbbüsü ilə mütəmadi olaraq hər ay təşkil olunan Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 5-ci toplantısı mayın 15-də onlayn qaydada keçirilib.
Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, AOC-un idarə heyətinin üzvləri, oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə keçirilən və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluq etdiyi vebinarda 2 məruzə dinlənilib. Toplantıda Milli Oftalmologiya Mərkəzindən başqa, digər təşkilatlardan və regionlardan oftalmoloqlar aktiv iştirak ediblər. Eyni zamanda, vebinarda Türkiyədən professor Süleyman Kaynak, TCOD-un sədri Sunay Duman iştirak edib.
Y.Abdıyeva ilk olaraq COVID-19 pandemiyasının təsirindən söz açaraq dünya üzrə statistikanı açıqlayıb, koronavirusun göz vasitəsilə yoluxmasının fəsadlarından bəhs edib. O, həmçinin respublikamızda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Daha sonra cərrah-oftalmoloqlar tərəfindən, öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edilib. Milli Oftalmologiya Mərkəzindən tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova “Eksimer lazer ilə kataraktanın ekstraksiyası və İOL-un implantasiyası əməliyyatından sonra refraksiyanın korreksiyası” və Cəmil Həsənov “Gecikmiş psevdoeksfoliativ qlaukoma ilə müştərək fəsadlı kataraktalı gözlərdə taktikamız” mövzularında məruzə ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb və təkliflər səsləndirilib.
Bakı, 15 may, AZƏRTAC