Azərbaycan Oftalmoloqlarının IV Regional Konfransı keçirilib.
Bu gün Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Azərbaycan Oftalmoloqlarının IV Regional Konfransı keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçirilən 4-cü regional konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, problemləri araşdırmaq, təkliflər vermək, III regional konfransda göz xəstəlikləri ilə bağlı müzakirə edilən problemlərin həll olunub-olunmamasına diqqət yetirmək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə Naxçıvan həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Naxçıvan MR-nın Səhiyyə naziri Niyazi Novruzov ümummili lider Heydər Əliyev siyasəsi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini və bunun səhiyyə sahəsinə də müsbət təsir etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi dünya standartlarına cavab verə bilcək səviyyədədir. Azərbaycan həkimlərinin təkmilləşdirilməsi məqsədi ilə tez-tez həkimlərin beynəlxalq konfransları keçirlir, təcrübə mübadilələri aparılır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi hər iki qurum gənc kadrların peşəkarlaşmasına dəstək olur: “Biz bütün regionda oftalmoloji yardımın yaxşılaşdırılması ilə bağlı tədbirlər görürük. Tək mərkəzin oftalmoloqları deyil, eyni zamanda rayondakı həkimlərin də elmi konfranslarda aktiv iştirak etməsi, regionlarda yaşayan vətəndaşlarımızn üzləşdikləri göz xəstəliklərinin vaxtında qarşısının alınması üçün onlarla operativ əlaqə yaradır və məsləhətlərimizi veririk. Lazım gələn kimi təcili paytaxta gəlmələrini tövsiyə edirik. Elə xəstəliklər var ki, onlara differensial diaqnozu qoya bilmədikdə mərkəzlə mütəmadi əlaqə saxlanılmasını məsləhət görürük. Məsələn, göz qapağı törəmələri bəzən xalyazion xəstəliyi kimi mayinə edilir. Amma əslində bu şiş xəstəliyi də ola bilər. Odur ki, differensial diaqnozun düzgün qoyulmaması bir çox fəsadlara səbəb ola bilər. Ona görə də tək bu deyil, digər xəstəliklərdə də şübhəli bir fakt aşkarlanarsa, region həkimlərinə dərhal mərkəzlə əlaqə saxlaması tövsiyə edilir”.
Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati bölmənin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, Hər bir ölkənin, cəmiyyətin inkişafı, tərəqqisi həm də onun səhiyyəsi ilə sıx bağlıdır. Müstəqil Azərbaycanın səhiyyə sistemi ilə bağlı ölkəmiz təkrarsız yeniliklərə imza atıb: “Ölkədə onlarla səhiyyə müəssiəsi , kilinikalar inşa edilir, müasir avadanlıqlarla təchiz edilir, dünyanın ən aparıcı həkimlərinin iştirakı ilə konfranslar keçirilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi də dövlətimizin bütün təşəbbüslərində fəal iştirak edir. Mərkəzin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımovun təşəbbüsü ilə ümumrspublika səviyyəsində tədbirlər həyata keçirilir, onlarla pasientə dəstək olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə və Masallı filialları paytaxt Bakıdan heç də geri qalmır. Burada təcrübəli həkimlərimiz yerli əhaliyə xidmət edir və ən yüksək səviyyədə müalicə və müainə aparırlar. Mərkəz tez-tez əksər rayon və şəhərlərdə səyyar tibbi xidmət də göstərir”.
Y.Abdiyeva deyib ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən respublika üzrə bütün oftalmoloqların peşəkarlıqlarının artırılmasında, inkişafında öz dəstəyini əsirgəməyib. Eyni zamanda oftalmoloqların üzləşiyi problemlərin həllində də öz yardımını göstərib: “Ölkəmizin hər yerindən cəmiyyətə müraciət edən və fəal olan oftalmoloqlarımız da az deyil. Azərbaycan Oftalmoloqları Cəmiyyətinin rəhbəri Elmar Qasımovun təşəbbüsü ilə bura gəlməkdə də məqsədimiz göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmaq və birgə problemləri aradan qaldırmaqdır.Hazırda digər regionlarımızdan-Gəncədən, Gədəbəydən,Masallıdan, Ağdamın Quzanlı kəndindən olan oftalmoloqramız da bugünkü konfransda iştirak edirlər. Naxçıvan oftalmoloqlarımızla birgə onlar da göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim edəcəklər. Bu özü biz həkimlərin birgə iş birliyinin bariz nümunəsidir”.
Bakı. İlhamə İsabalayeva - Trend