Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasının başlanılacağı tarix açıqlanıb.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.
Onun sözlərinə görə, hazırda mərkəzdə qeydiyyatda olan 3000-dən çox xəstəyə gözün buynuz qişasının köçürülməsinə ehtiyac var: "Xəstələrin 20 faizə qədərini uşaqlar, yerdə qalan hissəsini isə böyüklər təşkil edir. İlk mərhələdə təcili əməliyyata ehtiyacı olanlara gözün buynuz qişaları köçürüləcək".
F.Abduləliyeva vurğulayıb ki, Azərbaycana gözün buynuz qişalarının İran, ABŞ, Rusiyadan gətirilməsi nəzərdə tutulur: "Həmin ölkələrin donor bankları ilə danışıqlar aparılıb və razılıq əldə olunub".
O qeyd edib ki, hazırda sənədləşdirilmə işləri görülür və yaxın həftə ərzində Azərbaycana gözün buynuz qişasının gətirilməsi gerçəkləşdiriləcək: "Əməliyyatlar mərkəzlə yanaşı, Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra olunacaq".
Qeyd edək ki, noyabrın 3-də Prezident İlham Əliyevin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib.