Masallı rayonunda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı keçirilib.
11.10.2023
Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, konfrans Akademik Zərifə Əliyevanın 100 illiyinə və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunub.
Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə region həkimlərini tanış etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq idi.
Konfransda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov tədbirin keçirilmə məqsədindən, Masallı filialının 15 il ərzindəki fəaliyyətindən, əhaliyə yüksək xidmətindən bəhs edərək oftalmologiyanın regionlarımızda durmadan artan inkişafını və gələcəkdə daha da irəli getməsi ilə bağlı görüləcək işlərdən söz açıb. Həmçinin yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına hər zaman dəstəyini davam etdirəcəyini bildirib.
Eyni zamanda, professor Elmar Qasımov “Əhalinin sağlamlığının qorunması” sahəsində ixtisaslaşmış, oftalmoloji fəaliyyətdə yüksək nailiyyətlər qazanmış və səhiyyə sistemində 15 illik səmərəli xidmətlərinə görə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı Filialını fəxri diplom ilə təltif edib. Fəxri diplom filialın baş həkimi Samir İbadova təqdim edilib.
Türkiyə Cümhuriyyəti Oftalmoloqlar Dərnəyinin (TCOD) fəxri prezidenti Sunay Duman, TCOD-un prezidenti Öner Gelişken və başqaları videoformatda təbriklərini çatdırıb və konfransın işinə uğurlar arzulayıblar.
Konfransda “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında refraksiya patologiyası ilə uşaqların müalicəsinin 7 illik nəticələri”, “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, "Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası", “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, “Konyunktivanın törəmələrinin klinik xüsusiyyətləri”, “Uveitlərin diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti”, “Quru göz sindromunun müalicəsinə müasir yanaşmalar”, “Quru göz xəstəliyinin etiologiya və müalicəsinin bəzi xüsusiyyətləri”, “Pseudomonas aeruginosa keratitinin müalicəsində gücləndirilmiş antibiotik müalicəsi (klinik hal)”, “Şəki-Zaqatala bölgəsində diabetik retinopatiyanın müalicəsinə dair”, “Çəpgözlük və müalicə metodları” kimi mövzular müzakirə edilib.