Doktor Sunay Duman: Azərbaycanlı oftalmoloqlar müasir oftalmologiya sahəsindəki yenilikləri çox yaxından izləyirlər.
İyirmi ilə yaxındır ki, Azərbaycanda oftalmologiya sahəsində keçirilən tədbirlərdə iştirak edirəm. Azərbaycan son illər oftalmologiya sahəsində çox sürətlə inkişaf edərək, ən yüksək zirvələrə gəlib çatıb. Azərbaycanlı oftalmoloqlar müasir oftalmologiya sahəsindəki yenilikləri çox yaxından izləyirlər. Xüsusilə, gənc oftalmoloqlar onlara bəslənilən inamı layiqincə doğruldaraq çox böyük uğurlar əldə ediblər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə keçirilən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransında iştirak edən Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman deyib.
Cəmiyyətin türkdilli ölkələrdən 2600-dək oftalmoloq üzvünün olduğunu diqqətə çatdıran sədr bildirib ki, Azərbaycan bu qurumda 548 nəfərlə təmsil olunur.
Qurumun sədrinin sözlərinə görə, Azərbaycanda oftalmologiya sahəsində əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, artıq ölkə vətəndaşlarının sağlamlıqlarına əlac tapmaları üçün başqa ölkələrə getmələrinə heç bir ehtiyac qalmayıb: “Oftalmologiya sahəsində olan yenilikləri bölüşmək, təcrübə mübadiləsi aparmaq üçün Azərbaycanda hər il 5-6 toplantı, konfrans keçirilir. Bu tədbirlərdə yeni müalicə və müayinə metodları barədə geniş fikir mübadiləsi aparılır, müasir dövrdə oftalmologiyanın qarşısında duran məsələlər müzakirə edilir. Bu tədbirlər gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalıdır”.
Sunay Duman deyib: “Biz hər zaman iki dövlət, bir millət olmağın sevincini, qürurunu yaşamışıq. Azərbaycanı hər zaman ikinci Vətənimiz bilirik. Qardaşlığımız, dostluğumuz bundan sonra da davam edəcək”.
Şəki, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC