İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) nümayəndə heyəti akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
16 iyul 2019 il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2012-ci ildən bəri Afrika ölkələrində həyata keçirilən "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) kampaniyası və Azərbaycan tərəfindən göstərilən yardımların əlaqələndirilməsi üzrə rolunun müzakirəsi keçirildi.
OECD/DAC donor dövlətlərini bir araya gətirən dünyanın ən nüfuzlu beynəlxalq qurumu hesab edilir. Ölkəmizin sözügedən təşkilatda təmsil olunması, Azərbaycan tərəfindən göstərilən humanitar və inkişafa yardımın dünya içtimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Milli Oftalmologiya Mərkəzinin bu layihədə qiymətləndirilməsi məqsədi ilə OECD/DAC-ın İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandes və siyasət analitiki Huan Kasado Asensio görüşdə iştirak etdilər, Mərkəzin Afrika ölkələrində humanitar yardımlarda iştirak edən həkim-oftalmoloqların fəaliyyətinə yüksək qiymət verdilər.