Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının IV Konfransı keçirilib.
Mayın 31-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının IV Konfransı keçirilib.
Tədbir Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransın təşkilat komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Müşfiq Kərimov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mütəmadi olaraq elmi, praktiki və beynəlxalq konfransların təşkil olunduğunu deyib. O, bugünkü konfransın məqsədinin vitreoretinal cərrahiyyədə baş verən yenilikləri araşdırmaq, yeni müalicə üsullarını müzakirə etmək və təkliflər verməkdən ibarət olduğunu qeyd edib.
Elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova ölkəmizdə səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Oftalmologiya sahəsinin gündən-günə inkişaf etdiyini deyən H.Namazova respublikada oftalmoloqların peşəkarlıqlarının artırılmasının diqqət mərkəzində olduğunu vurğulayıb. Direktor müavini konfranslarda dinlənilən məruzələrin, aparılan müzakirələrin, təcrübə mübadiləsinin oftalmoloqların bilik və bacarıqlarının daha da təkmilləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Tədbir sessiyalarla davam edib.
Konfransda "Flüoressein angioqrafiyasının arxa uveitlərin differensial diaqnostikasında rolu", "Makulanın bəzi xəstəliklərində struktural OKT müayinəsinin xüsusiyyətləri", “Miopik retinoşizis olan xəstələrin lazer müalicəsinin uzaq nəticələri”, “Multifokal elektroretinoqrafiya diabetik makulyar ödemlərdə: görmə itiliyi və optik koherent tomoqrafiya ilə korrelyasiya”, “2-ci tip şəkərli diabet xəstələrdə katarakta cərrahiyyəsindən sonra tor qişanın mərkəzi qalınlığının dinamikası”, “Görmə sinirinin işemik xəstəliklərinin neyroprotektiv terapiyasında antioksidant preparat”, “Vitreoretinal cərrahiyyə zamanı retinektomiya aparılmış gözlərdə gözdaxili təzyiqin dinamikası”, "İdiopatik epiretinal membranlara görə aparılmış vitrektomiya və ILM pilinq cərrahiyyəsinin nəticələri", "Diabetik retinopatiya. Anti - VEGF erasında vitrektomiyanın müalicədə yeri", "Vitreoretinal cərrahiyyədə yeniliklər" mövzularında məruzələr dinlənilib. Həmçinin tibbi praktikadan maraqlı kliniki nümunələr paylaşılıb, vitreoretinal cərrahiyyədə mürəkkəb və qeyri-standart hallar üzrə videosessiya keçirilib.
Bakı, 31 may, AZƏRTAC