Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilən konfrans keçirilmişdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Trend-in məlumatına görə, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru, professor Elmar Qasımov bu günün bütün oftalmoloqlar üçün əlamətdar olduğunu deyib. Direktor 10 il ərzində mərkəzin əldə etdiyi uğurlardan danışıb:
"2009-cu il 22 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub. 10 illiyini qeyd edən Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən edib ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər".
E.Qasımov əlavə edib ki, Masallıda və Gəncədə Mərkəzin regional şöbələri fəaliyyət göstərir: "Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Rayonların əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb".
Sonra mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam etdirilmişdir.
Bakı. İlhamə İsabalayeva - Trend