Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasının növbəti aksiyası Bakı Dəmir Yolu Vağzalında keçirilir.
İyunun 8-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Bakı Dəmir Yolu Vağzalında növbəti oftalmoloji aksiya keçirir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd Bakı Dəmir Yolu Vağzalı işçilərinin gözlərini operativ şəkildə müayinə-müalicə etmək, mövcud problemlərinin həll olunmasına kömək göstərməkdir. Tədbir zamanı pasiyentlərin göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq, ehtiyac olduğu təqdirdə cərrahi əməliyyatlar icra olunacaq. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Bu cür aksiyaları davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmir yolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni isə 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.
Bakı, 8 iyun, AZƏRTAC