Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub.

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub.

"Yanvarın 5-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 15 nəfərlik həkim heyyəti Səyyar klinika ilə Horadiz  şəhərində oftalmoloji aksiya keçirib". 
Bu barədə Asiya.info-ya akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib: "Biz hazırda 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan və Azərbaycan Milli Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən bir məkandayıq. Bu tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə Horadizlə bağlı qələbə imzası ulu öndərə məxsusdur. Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu gün Ulu öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Horadizdə böyük quruculuq işləri həyata keçirilib və keçirlməkdədir. Düşmən tərəfindən dağıdılan şəhər bu gün özünün inkişaf dövrünü yaşayır.
 

Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi üçün də bir tarixi gündür. Çünki Horadizin düşməndən azad olunma tarixini sizinlə birgə qeyd edirik. Bu bizim üçün çox qürurvericidir. Biz əminik ki, bayrağımız tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda dalğalanacaq. Çünki ölkə başçısı, ali baş komandan İlham Əliyevin yürütdüyü siasət də bunu deməyə əsas verir.

Bizim mərkəz təkcə paytaxt Bakıda deyil, respublikanın bir çox şəhər və kəndlərində pasientlərə tibbi xidmət göstərir. Bu məqsədlə də bizim səyyar klinikamız indiyədək , Tovuz, Gədəbəy, Xaşmaz, bir sözlə onlarla rayon və şəhrədə pasientlərə dəstək olub. Səyyar klinikamız vasitəsiylə təkcə müayinə və müalicələrlə kifayətlənmirik, yeri gələndə elə yerindəcə əməliyyatlar da aparırıq.

Düşünürəm ki, hər birimiz bu gün öz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik.

Göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür. Dünyaya, işıqlı həyata gözlərimizlə baxırıq. Ona görə də onları qorumaq bizim ən ümdə borcumuzdur. Ətraf mühitdən məlumatların 90%-ni göz vasitəsilə alırıq. Özünü yeniləməyən, dəyişməyən yeganə orqan olan gözlər çox önəmli bədən üzvü olduğu üçün vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır. Bəzən elə problemlər olur ki, onların müalicəsi mümkünsüz olur.Oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görürlər ki, bu da sözsüz ki, öz səmərəsini verir".