Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası növbəti aksiyasını keçirəcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası növbəti aksiyasını martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirəcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı kitabxananın əməkdaşları üçün oftalmoloji müayinələr aparılacaq. Həmçinin göz xəstəlikləri ilə bağlı seminar keçiriləcək.
Aksiya və seminarın keçirilməsində məqsəd gözlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına yardımçı olmaqdır. Çünki profilaktik tədbirlər korluğun və bəzi göz xəstəliklərinin əvvəlcədən qarşısının alınmasına dəstək olur. Bununla yanaşı, pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdir.
Bakı, 12 mart, AZƏRTAC