Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası fəaliyyətə başlayıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ölkədə ilk dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, səyyar klinika ilk səfərini Azərbaycan-İran sərhədinə edib.
Astara rayonunda keçirilən müayinə aksiyasında həmvətənlərimizlə yanaşı, İran İslam Respublikasının vətəndaşları da müayinə olunur.
Mayın 8-dən 12-dək davam edəcək aksiyanın məqsədi pasiyentlərin operativ müayinə və müalicəsini aparmaqla yanaşı, lazım olduğu təqdirdə onları cərrahi əməliyyat etməkdir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmir yolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəstəyi ilə səyyar klinika ABŞ, Almaniya, Yaponiya və İtaliyanın aparıcı şirkətlərinin istehsalı olan ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunub.
Uzunluğu 25, eni isə 3 metr olan Dəmir yolu Səyyar Klinikası müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar klinika texniki hissə, oftalmoloji müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi avadanlıqlar mövcuddur. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir.
Bundan əlavə, Dəmir yolu Səyyar Klinikasında istirahət, qeydiyyat və sanitariya otaqları da fəaliyyət göstərir. Gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.