Naxçıvan Dövlət Universiteti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair momerandum imzalanıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov, Mərkəzin direktor müavini Nəzərli Ceyhun və Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Abdıyeva Yazgül Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin rektoru Elbrus İsayev və Mərkəzin nümayəndələri arasında ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb. Ölkədə tibbi kadrların hazırlığı çərçivəsində universitetlərdə yaranan çətinliklər, xarici təcrübədən əldə olunan nəticələr və gənc həkimlərin yetişdirilməsində peşəkar həkimlərin bilik və bacarıqlarının mübadilə prosesinə cəlb olunmasının vacibliyi məsələləri müzakirə edilib. Rektor bildirib ki, “Digər ixtisaslardan fərqli olaraq, tibb fakültəsində təhsil alan tələbələr peşəkar mütəxəssis olmaq üçün daha səylə çalışmalı, daha artıq vaxt sərf etməli olduqlarının fərqindədirlər. Biz mütəmadi olaraq, bu tələbələrlə görüşür,onları dinləyir və mümkün olan hər vəsaitlə təmin etməyə çalışırıq. Hazırda universitet bir çox xarici universitetlərlə beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlıq edir. Beynəlxalq təcrübədən əldə etdiyimiz metodlardan biri də “açıq imtahan modelidir”ki, bu model digər ixtisaslarla yanaşı, yaxın gələcəkdə tibb fakültəsinin tələbələri üçün də nəzərdə tutulub”.
Mərkəzin direktoru Elmar Qasımov diqqətə çatdırıb ki, fəaliyyət göstərdiyimiz Mərkəz lazımi avadanlıqlarla təchiz olunub və bu avadanlıqlar peşəkar həkimlərin səlahiyyətindədir. "Biz bu imkanların gənc kadrların yetişdirilməsi məqsədilə istifadəsinə və bu kadrların ölkə səhiyyə sisteminə qazandırılmasına xidmət göstərməsi üçün çalışırıq” deyə, o bildirib.
Görüşdə hər iki müəssisə arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov imzalayıb.
Memorandum çərçivəsində tərəfdaşlarla tibb sahəsində mövcud olan təcrübələrin öyrənilməsi, yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması, seminarların, kurs və təlimlərin, elmi konfransların təşkili, tələbə və rezidentlərin təcrübə məqsədilə mübadilə proqramlarının hazırlanması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.
Daha sonra universitet rəhbərliyi Mərkəzin nümayəndələrini Tibb fakütəsinin yeni yaradılmış kabinələri ilə tanış edib. Tələbələr üçün yaradılan şərait və tədris prosesi üçün nəzərdə tutulan əyani vəsaitlər, simulyasiya mərkəzləri və texniki laboratoriyalar nümayəndələr tərəfindən yüksək qiymətləndirilib.