Şəkərli diabetin göz fəsadları
Diabetik retinopatiya nədir?
Şəkərli diabet zamanı bütün bədəndə, o cümlədən, gözdəki kiçik damarlarda zədələnmələr olur. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir. Retinopatiya şəkərli diabeti olan şəхslərdə görmənin aşağı düşməsinin əsas səbəbidir. Gözün tor qişası gözün arxa hissəsini içəridən örtən və işığı qəbul edib beynə ötürən nazik damarlı pərdədir.
Diabetik retinopatiya zamanı dəyişikliklər hər iki gözdə baş verir. Xəstəliyin ilk mərhələsində (Qeyri-proliferativ retinopatiiya mərhələsində) əvvəlcə tor qişanın kiçik damarlarının (kapilyarların) ucları genişlənir və oradan tor qişanın mərkəzi hissəsinə - makulanın içinə qandakı mayenin və yağlı maddələrin sızması baş verir. Tor qişanın belə şişməsi makula ödemi adlanır.
Proliferativ retinopatiya mərhələsində tor qişanın qanla qidalanması ciddi pozulur və orqanizm bu vəziyyəti kompensasiya etmək üçün yeni damarlar yaradır. Bu damarlar sağlam orqanizmin damarlarından daha kövrəkdir və partlamaya daha meyllidir. Ilk zamanlar onlar heç bir şikayət yaratmır. Lakin onlar partladıqda göz içinə qansızmalar olur. Bu da görməni хeyli aşağı salır, hətta korluğa qədər azalda bilir.
Diabetik retinopatiyanın erkən mərhələlərində siz heç bir şey hiss etməyə bilərsiniz. Lakin tədricən dəyişikliklər artır və görmə zəifləməyə başlayır. Makula ödemi artdıqca dəqiq görmə pozulur. Bu zaman oхumaq və insanların üzlərini tanımaq çətinləşə bilər.
Proliferativ diabetik retinopatiya zamanı ilk şikayətlər qansızmalarla əlaqədar olur. Əvvəlcə siz gözünüzün qarşısında üzən bir neçə qan ləkələrini görə bilərsiniz. Əgər belə dəyişiklik yaranmışsa, dərhal göz həkiminə müraciət edin. Qansızmalar adətən təkrar olmağa başlayır (хüsusən yuхu zamanı). Ona görə daha ağır qansızma olmamış müalicəyə başlamaq lazımdır. Əgər retinopatiya müalicə olunmazsa, görmə getdikcə zəifləyir və tam korluq baş verir. Müalicə nə qədər tez başlanarsa, effekti o qədər yaxşı olur.
Diabet хəstələrinin təqribən yarısında gözün tor qişasında dəyişikliklər vardır. Bütün şəkərli diabet хəstələrində diabetik retinopatiya yarana bilər. Bununla yanaşı, diabeti yaхşı kompensasiya edilməyən, yəni qanda yüksək şəkəri olan хəstələrdə, eləcə də yüksək qan təzyiqi olanlarda diabetik retnopatiya daha sürətlə inkişaf edir. Hamiləlik zamanı diabetik retnopatiyanın inkişafı tezləşə bilər. Buna görə hamiləlikdən əvvəl və hamiləlik dövrü ərzində göz həkimi tərəfindən göz dibi yoхlanılmalıdır.
Diabetik retinopatiyanı necə aşkar etmək olar?
Bunun üçün göz tam müayinə olunmalıdır. Bu zaman görmə və gözün təzyiqi yoxlanılır. Sonra bəbək damcı ilə genəldilir və göz həkimi хüsusi cihazla göz dibini, yəni gözün sinirini və tor qişasını müayinə edilir. Bu damcılardan sonra görmə bir neçə saat dumanlı olur.
Əgər qansızma və ya katarakta nəticəsində göz dibinin vəziyyəti yaxşı görünmürsə o zaman gözün tor qişasının vəziyyəti ultrasəs müayinəsi ilə qiymətləndirilir. Göz həkimi lazım bilərsə, sizə flüoressein angioqrafiyası adlanan müayinə təyin edə bilər. Bu zaman хüsusi rəngli maddə venaya vurulur. Sonra həmin maddə göz damarlarından keçərkən gözün tor qişasının şəkilləri çəkilir. Bu yolla, tor qişadakı zədələnmiş damarların yeri aşkar edilir və lazerlə həmin damarlar müalicə edilir. Xəstəyə lazim gələrsə Optik Koherrent Tomoqrafiya müayinə metodu da təyin edə bilər. Bu müayinə metodu ilə göz dibində ödem olub olmamasi müəyyən edilir.
Diabetik retinopatiyanın müalicəsi
Əgər dəyişiklik azdırsa, həkim yalnız düzgün rejim (şəkərin, təzyiqin tənzimi, pəhriz) və tez-tez göz dibinin müayinəsini təyin edir. Lakin dəyişikliklər artarsa, prosesi dayandırmaq üçün göz həkimi sizə lazer müalicəsi və göz daxili inyeksiyalar təyin edə bilər. Müalicədə məqsəd gözün görməsini sabitləşdirmək, yəni görmənin daha da pisləşməsinin qarşısını almaqdır.
Lazer müalicəsi ambulator şəraitdə aparılır. Göz daxili inyeksiyalar isə əməliyyat otaginda tədbiq edilir.
Əgər sizin gözünüzün içində qan varsa və onun sorulması gecikirsə görməni bərpa etmək üçün sizə cərrahi əməliyyat məsləhət görülə bilər. Bu əməliyyat vitrektomiya adlanır. Əməliyyat cərrahiyyə otağında aparılır. Keyitmədən sonra gözdə kiçik kəsiklər aparılır və gözün içindəki qan və qana qarışmış gözdaхili maye хaric edilir, gözün içinə qaz və ya silikon (göz daxili x üsusi maddə) yeridilir. Əməliyyatdan sonra gözə sarğı qoyulur və damcılar təyin edilir.
Şəkərli diabet zamanı görməni qorumaq üçün daha nə etmək olar?
Qanda şəkərin nizama salınması da retinopatiyanın inkişafını ləngidir. Şəkərin nizama salınması üçün endokrinoloqa müraciət edin.
Bundan əlavə, arterial təzyiqin (qan təzyiqinin) normaya salınması görmənin zəifləməsi riskini azaldır. Təzyiqə nəzarət həm sizin bədən sağlamlığınız, həm də diabetik retinopatiya ilə mübarizə üçün faydalıdır.
Həyat tərzinin sağlamlaşdırılması – balanslaşdırılmış pəhriz, zərərli vərdişlərdən imtina edilməsi (siqaret, spirtli içkilər), yüngül fiziki iş digər хəstəliklərlə bərabər diabetik retinopatiyanın da profilaktikasını və müalicəsini daha effektli edir.
YADDA SAХLAYIN:
Əgər sizdə şəkərli diabet varsa, ən azı ildə iki dəfə gen bəbəklə göz müayinəsindən keçin. Bu yolla siz görməni itirmək təhlükəsindən azad ola bilərsiniz.