Şəkidə regional konfransda oftalmologiya sahəsində baş verən yeniliklər müzakirə olunub.
Oktyabrın 25-də Şəkidə Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri” mövzusunda VII regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Marxal resort & spa” otelinin “Nuxa” konfrans zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, ölkəmizdə səhiyyənin inkişafı sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində mühüm işlər görülüb. Son illər ölkədə yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Elxan Usubov deyib: “Dövlətimizin başçısının bu sahəyə qayğısının nəticəsidir ki, bu gün Şəkidə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional filialı fəaliyyətə başlayır. Mərkəzin açılması şəhərin həyatında olduqca əlamətdar hadisədir. Burada təcrübəli həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olacaqlar”.
İcra hakimiyyətinin başçısı bildirib ki, Milli Oftalmologiya Mərkəzi 70 ildən çoxdur oftalmologiya elminin inkişafında, əhalinin yüksək səviyyədə oftalmoloji xidmətlə təmin edilməsində mühüm rol oynayır. Bu xidmətlər yalnız paytaxt Bakı şəhəri ilə məhdudlaşmır, regionlarda, o cümlədən Şəkidə də davamlı olaraq oftalmoloji aksiyalar keçirilir. Ötən müddətdə Mərkəzin əməkdaşları tərəfindən Şəkidə göz xəstəliklərindən əziyyət çəkən 4 mindən çox insan müayinə və müalicə olunub, 150 nəfərin gözündə cərrahi əməliyyat aparılıb.
Regional konfransda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov konfransın əsas məqsədinin oftalmologiya sahəsindəki yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflərlə çıxış etmək, bu sahədə baş verən ən son nailiyyətlərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaq olduğunu diqqətə çatdırıb.
Bölgələrdə Milli Oftalmologiya Mərkəzinin yeni filiallarının açılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edən Mərkəzin direktoru bildirib ki, Şəkidə filialın fəaliyyətə başlaması Azərbaycan oftalmologiyası üçün çox əlamətdar hadisədir. Elmar Qasımov deyib: “Gələcəkdə digər regionlarda da Mərkəzin filialları açılacaq. Hazırda ölkədə 3 filial fəaliyyət göstərir. Biz, demək olar ki, Azərbaycanın bütün ərazisini oftalmoloji xidmətlə tam şəkildə əhatə etmişik. Bu filiallarda bizim böyük potensiala malik gənc oftalmoloqlarımız fəaliyyət göstərirlər. Biz xoşbəxtik ki, belə gənc mütəxəssislərimiz, həkimlərimiz var. Oftalmologiya elminin inkişafı üçün yüksək biliyə malik gənc kadrlar lazımdır”.
Tədbirdə Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman çıxış edərək, konfransın işinə uğurlar arzulayıb.
Konfransın elmi hissəsində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü”, Mərkəzin əməkdaşı Samir İbadov “Dakriosistorinostomiyada drenaj vasitələrinin tətbiqi”, türkiyəli professor, Retina Oftalmoloji Araşdırma Mərkəzinin təmsilçisi Süleyman Kaynak “Pediatrik yaş qrupunda silkon cərrahiyyəsi”, rusiyalı professor Aleksey Yeqorov “Qlaukomanın terapiyasında hipotenziv və neyroprotektiv məqamlar, reallıqlar və perspektivlər”, Rusiya Elmi-Tədqiqat Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Dmitriy Kats “Katarakta və qlaukoma: fakoemulsifikasiyadan əvvəl, indi və sonra”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının təmsilçisi Şəhla Əsədova “İki və bir çox iflic olan əzələlərdə cərrahi taktikamız” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin göz xəstəlikləri ilə bağlı digər mövzularda elmi məruzələr dinlənilib.
Şəki, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC