Tezliklə Azərbaycanda xəstələrə gözün buynuz qişasının köçürülməsinə başlanılacaq.
APA-nın xəbərinə görə, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.
Onun sözlərinə görə, təkcə MOM-da 3000-dən çox xəstəyə gözün buynuz qişasının köçürülməsinə ehtiyac var və həmin xəstələrin 20 faizini uşaqlar təşkil edir.
F. Abduləliyeva qeyd edib ki, Azərbaycana gözün buynuz qişasının ABŞ, İran və Rusiyadan gətirilməsi nəzərdə tutulur: "Hazırda sənədləşmə işləri aparılır. Yaxın həftələrdə ölkəyə gözün buynuz qişasının gətirilməsinə başlanacaq. İlkin mərhələdə gözün buynuz qişası təcili əməliyyata ehtiyacı olan xəstələrə köçürüləcək".
Qeyd edək ki, əməliyyatlar MOM-da və Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.