Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Astarada
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 2005-ci ildən başlayaraq vaxtaşırı Bakıda və respublikanın müxtəlif regionlarında əhaliyə tibbi xidmət göstərir. Ötən ildən isə Mərkəzin Səyyar Qatarı fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 27-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Astara şəhərinin dəmiryolu vağzalı ərazisində rayon sakinlərinə tibbi xidmət göstərməyə başlayıb.
İki gün davam edəcək humanitar aksiyanın keçirilməsində məqsəd rayon sakinlərini müayinə və müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdir.
Aksiya zamanı ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriləcək.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb işçiləri burada bir gün ərzində 300-dən çox müayinə və müalicə, o cümlədən 30 cərrahiyyə əməliyyatı aparmaq imkanına malikdirlər.
Aksiyanın birinci günü Dəmiryolu Səyyar Klinikasında 200 nəfərə yaxın rayon sakini müayinə olunmaq üçün qeydiyyatdan keçib.
Humanitar aksiyanın ikinci günü isə xəstələr üzərində cərrahiyyə əməliyyatı aparılacaq.
Rayon sakinləri aksiyanın təşkilatçılarına, hər zaman əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Astara, 27 aprel, Bağır Əliyev, AZƏRTAC