Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunan “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Aprelin 29-da Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunan “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli liderin və görkəmli oftalmoloq-alimin məzarlarına tər güllər düzülüb, əklillər qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib: “Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Görkəmli alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi var. O, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Zərifə xanım Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. O, heç zaman gərgin işdən usanmayıb, ürəkdən və ilhamla çalışıb. Zərifə Əliyevanın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb.
Zərifə xanım Əliyeva vaxtilə Bakıda oftalmologiya mərkəzinin tikilməsi üçün təşəbbüslər irəli sürüb. Onun bu arzusu həyata keçirilib. Belə ki, artıq 10 ildir ki, Bakıda dünyanın ən böyük və müasir oftalmologiya mərkəzlərindən biri - akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir. Beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş mərkəzin digər filialının ilin sonunadək Şəkidə açılması nəzərdə tutulub. Onu da qeyd edim ki, mayın 24-də Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr olunmuş konfrans keçiriləcək”.
E.Qasımov fədakar Azərbaycan həkiminin sadəliyi, vətənpərvərliyinin hər kəs üçün nümunə olduğunu və onun xeyirxah əməlləri, oftalmologiyanın inkişafına verdiyi töhfələrin heç zaman unudulmayacağını da diqqətə çatdırıb.
Sonra mərkəzin elmi katibi, tibb elmləri doktoru Nazilə Rüstəmova tanınmış oftalmoloq-alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə tədbir iştırakçılarına məlumat verib.
Konfrans “Multifokal intraokulyar linzaların implantasiyasında “Mix And Match” texnikası” , “Gəncə-Qazax iqtisadi rayonunda uşaq və yeniyetmə əhalinin görmə itiliyinin səciyyələri”, “Şəkərli diabetin diaqnostikası və tibbi yardım üzrə alqoritmi”, “Keratakonus xəstələrinin ilkin mərhələsində Prk üsulunun və Krosslinkinq texnologiyasının tətbiqi”, “Gözdaxili cisim olan xəstələrdə müalicə taktikası” və s. mövzularda məruzələr və müzakirələrlə davam etdirilib.